BMT-nin forumunda Ermənistanın işğalçı siyasətindən və Xocalı soyqırımından danışılıb
22 Fevral, 15:09   |    Baxış sayı: 334

BMT-nin forumunda Ermənistanın işğalçı siyasətindən və Xocalı soyqırımından danışılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) 58-ci sessiyası çərçivəsində Sosial İnkişaf Komissiyasının "Daha ədalətli dünyaya doğru: Asiyada evsizlik, sosial müdafiə, yoxsulluq və çatışmazlıq problemlərinin həlli yolları” mövzusunda forumu keçirilib. BMT-nin Baş mənzil-qərargahında keçirilən forumda müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Avropa Azərbaycanlıları Konqresi (AAK) də təmsil olunub.

Tədbirdə çıxış edən AAK prezidenti Sahil Qasımov nitqinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Multikulturalizm, etnik və dini azlıqlara hörmət Azərbaycan düşüncəsinin əsas hissəsini təşkil edir” fikrilə başlayaraq, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, Azərbaycanın 20 % torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı 1 milyondan çox azərbaycanlı öz doğma torpağından, yurdundan, evindən didərgin düşüb, bununla da soydaşlarımızın fundamental hüquqları kobudcasına pozulub. Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda mülki əhaliyə qarşı qəddarcasına soyqırımı törətdiyinə diqqəti çəkən natiq bildirib ki, bir neçə gündən sonra 28-ci ildönümü tamam olan bu dəhşətli faciə zamanı 613 nəfər (o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca) həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (76 uşaq), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb kı, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir, həmçinin onların Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılmasını tələb edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanındığına və dəstəkləndiyinə baxmayaraq, Ermənistanın nüfuzlu beynəlxalq təşkilatların münaqişənin həllinə dair çoxsaylı qərar və qətnamələrini yerinə yetirmədiyi vurğulanıb. AAK rəhbəri çıxışını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ”Multikulturalizm Azərbaycanda milli düsüncədir və biz bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşliq edirik və öz töhfəmizi veririk” fikri ilə yekunlaşdırıb.

Tədbir çərçivəsində Dünya Sülh və Əmin-amanlıq Federasiyasının (FOWPAL) təsis etdiyi "Sülh” mükafatı AAK-a təqdim edilib.