Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olundu
18 Oktyabr, 22:55   |    Baxış sayı: 59

Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olundu

Oktyabrın 17-də "Dvina” otelin konfrans zalında Arxangelsk vilayətindəki soydaşlarımız Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri, Rusiya Azərbaycanlıları İttifaqının Arxangelsk vilayətindəki nümayəndəsi Tərlan Qasımovun təşəbbüsü ilə baş tutub.

Müstəqillik Gününün tarixindən və Azərbaycan Rusiya münasibətlərindən bəhs edən tədbirdə Axangelsk qubernatorun müavini Viktor İkonnikov, Regional İnkişaf Agentliyinin rəhbəri Maksim Zaborsky, Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayətinin rəhbəri Şahobiddin Vakkosov, Arxangelsk vilayətinin turizm nazirinin müavini Svetlana Zenovskaya, Azərbaycan diasporunun üzvləri iştirak edib.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı müsbət tendensiyaları qeyd edən tədbir iştirakçıları ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatının inkişafına diqqət çəkərək Arxangelsk vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdiriblər.

Qeyd edilib ki, Azərbaycan ilə Arxangelsk vilayəti arasında ticari-iqtisadi əməkdaşlıq barədə sazişin imzalanması, qubernator İqor Orlovun Azərbaycana səfəri, bir sıra mədəni və sosial tədbirlərin müşayiəti ilə keçiriləcək mühüm tədbirlər Rusiya və
Azərbaycan xalqları arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcəkdir.