Azərbaycan ilə Myanma arasında əməkdaşlıq məsələləri müzakirə olunub
28 Avqust, 17:49   |    Baxış sayı: 76

Azərbaycan ilə Myanma arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Myanmaya səfəri çərçivəsində Myanma İttifaqı Respublikasının dövlət müşaviri və Xarici İşlər naziri Aun San Su Çji ilə görüşüb.

Diasporpress.az xəbər verir ki, görüşün əsas məqsədi cari il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII sammitində iştirakla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən müvafiq olaraq Myanma İttifaqı Respublikasının Prezidentinə və dövlət müşavirinə ünvanlanmış dəvət məktublarının şəxsən çatdırılmasından ibarət olub.

Azərbaycanın təşkilata sədrliyi zamanı qarşıda duran məqsəd və prioritetlər barədə qısa məlumat verən səfir zirvə görüşündə Myanmanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Dövlət müşaviri Aun San Su Çji dəvət məktublarına görə təşəkkürünü bildirərək, mahiyyət etibarilə, üzv ölkələrin neytrallıq prinsipinə əsaslanan Qoşulmama Hərəkatının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib platforma olduğunu söyləyib, Azərbaycanın bu böyük təşkilata uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib. Cari il oktyabrın sonlarında Yaponiya İmperatorunun tacqoyma mərasimi ilə əlaqədar Yaponiyada səfərdə olacağını bildirən xanım Aun San Su Çji buna baxmayaraq Bakıda keçiriləcək zirvə görüşündə Myanmanın ən yüksək səviyyədə təmsil olunacağını qeyd edib.

Görüş zamanı iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu qeyd edən səfir Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna diqqət çəkərək ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verib, Myanma tərəfinin sözügedən layihələrdən yararlana biləcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, Ermənistan dövlətinin yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının əsas hüquq və azadlıqları pozulub, işğal olunmuş Azərbaycan ərazilərində çoxsaylı müharibə cinayətləri və soyqırımı törədilib.

Myanmanın dövlət müşaviri dünyanın hər yerində mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin vacibliyini vurğulayıb.

Sonda xanım Aun San Su Çji cari ilin iyulunda UNESKO Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş sessiyasında Myanmanın qədim Bagan şəhərinin Ümumdünya İrs Siyahısına daxil edildiyini vurğulayaraq, bu qərarın myanmalılar üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinə görə dərin təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Diasporpress.az