Deputat: Dövlətimiz hər zamankı kimi, bu çətin günlərdə də vətəndaşının yanında olduğunu sübut etdi
07 Aprel, 14:09   |    Baxış sayı: 387

Deputat: Dövlətimiz hər zamankı kimi, bu çətin günlərdə də vətəndaşının yanında olduğunu sübut etdi

Koronavirus pandemiyası bütün dünyanı ağuşuna alıb. Bu virusa yoluxanlar və xəstəlikdən həyatını itirənlərlə bağlı hər gün müxtəlif xəbərlər gəlir. Ən çox insan ölümü xəstəliyə qarşı vaxtında izolyasiya tədbirləri görməyən və məsələnin ciddiliyini nəzərə almayan ölkələrdə baş verir. Məhz bu səbəbdən İtaliya, İspaniya, Fransa, hətta ABŞ kimi ölkələrdə koronavirusdan ölənlərin sayı minlərlədir. Təcrübə göstərir ki, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemləri belə pandemiyanın qarşısında tab gətirmir. Avropanın bu acı təcrübəsi hər kəsə dərs olmalıdır.

DiasporPress.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizədə kritik bir mərhələyə qədəm qoyub. Azərbaycan dövləti koronavirusun ölkədə yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması, pandemiyanın sosial və iqtisadi fəsadlarının minimuma endirilməsi üçün əlindən gələni edir və bu məqsədlə çoxistiqamətli preventiv tədbirlər həyata keçirilməkdə davam edir. Dövlət həmişə olduğu kimi, bu çətin günlərdə də vətəndaşının yanında olduğunu sübut etdi. Ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı bunu bir daha təsdiqlədi.

Milli Məclisin deputatı bildirib ki, koronavirusa qarşı mübarizədə vacib amil vətəndaşların məsuliyyətli olmaları, karantin qaydalarına ciddi əməl etmələridir. Yoluxma sayının artması bəzi vətəndaşların məsuliyyətsizliyinin nəticəsidir. Vətəndaşlar bilməlidirlər ki, onlar xüsusi karantin rejiminə əməl etməsələr təkcə özlərinin deyil, yaxınlarının da həyatını riskə atmış olurlar. Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva xalqımıza müraciətlərində vətəndaşlarımızı məsuliyyətli, nizam-intizamlı olmağa, qaydaları pozmamağa, özlərini, uşaqlarını, yaxınlarını qorumağa çağırıblar. Bu virusla mübarizənin yeganə yolu izolyasiya və şəxsi gigiyena qaydalarına əməl etməklə bərabər, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə və xüsusi karantin rejiminin qaydalarına riayət etməkdir. Ona görə də vətəndaşlarımız maksimum məsuliyyətli olmalı və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər. Güc birlikdədir. Yalnız birlikdə, həmrəy olaraq qorxulu düşmənə - koronavirus pandemiyasına qalib gələ bilərik. Epidemiya ilə mübarizə milli təhlükəsizlik, milli həmrəylik məsələsidir. Gəlin, bu mübarizədə həmrəy olaq, dövlətimizin yanında olaq ki, bəlaya birlikdə qalib gələk. Cənab Prezidentimizin dediyi kimi, biz birlikdə güclüyük!

 

DiasporPress.az