Fuad Muradov Mirşahinin suallarını cavablandırıb-VİDEO
13 Yanvar, 09:58   |    Baxış sayı: 809

Fuad Muradov Mirşahinin suallarını cavablandırıb-VİDEO

Yeni, 2020-ci iliniz xeyir. REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Bilmirəm bu vaxtı kimin saatı necə göstərir, amma REAL-ın saatları Bakı vaxtilə və Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin tarixinə işləyir. Amma elə buradan İsveçrə saatlarına keçirik. Daha doğrusu Davos saatına. Bir həftə sonra Davos planetin mərkəzinə çevriləcək. Ümumdünya İqtisadi Forumu özünün 50-ci illik müşavirəsinin mövzu və detallarını elan edib. Yer kürəsinin bu günü və gələcəyinə görə özünü məsuliyyətli bilən ölkələrin liderlərinin forumu yanvarın 21-dən 24-dək davam edəcək.

Əsas mövzu budur: "Maraqlı tərəflər sabit və sıx birləşmiş dünya tərəfdarıdır!”

Dünyanın hər yerindən 3000-dək iştirakçının qatılacağı forumun məqsədi maraqlı tərəflərin kapitalizminin konkret əhəmiyyətini müəyyən etmək, hökumət və beynəlxalq təşkilatlara Paris sazişində əldə edilmiş nailiyyətləri, habelə dayanıqlı inkişaf sahəsində, o cümlədən texnoloji və ticari idarə etmə məsələlərinə təsir imkanlarını nəzərdən keçirməyə kömək etməkdir. "İnsanlar iqtisadi elitanı onların maraqlarını satmaqda, mənafelərinə xəyanət etməkdə günahlandırırlar və bu gün qlobal istiləşməni 1,5 dərəcə selsiyədək məhdudlaşdırmaq cəhdləri təhlükəli iflasa uğrayır. Bu fikirlər Ümumdünya İqtisadi Forumunun banisi və icraçı sədri Klaus Şvaba məxsusdur. "Nəzərə alsaq ki, dünya böhranın belə bir yolayrıcında yerləşir, onda bu il biz gərək şirkətlər və hökumətlərin məqsəd və göstəriciləri dürüst dərk etməsindən ötrü Davos 2020-nin manifestini hazırlayaq. Bu həm Ümumdünya İqtisadi Forumunun 50 il əvvəl yaradılması məqsədi, həm də yaxın 50 ilə olan hədəfləri əhatə etməlidir. Davos proqramı bu dəfə 6 əsas bəndi müəyyən edib.

üzrə: Biznesin iqlim dəyişiklikləri riski qarşısında səfərbərliyi və biomüxtəlifliyin mühafizə tədbirlərinin meşələrin təki və okeanların dibinə yetişməsini təmin etmək.

İqtisadiyyat üzrə: Uzunmüddətli borc öhdəliklərini aradan qaldırmaq və iqtisadiyyatı əhatə dairəsini genişləndirməyə imkan verən tempdə saxlamaq.

Texnologiya üzrə: Dördüncü sənaye inqilabı texnologiyasının tətbiqi üzrə qlobal konsensusa və bununla yanaşı "texnoloji müharibələrdən yayınmağa necə nail olmalı.

Cəmiyyət üzrə: Növbəti onillikdə yeni milyard insanı necə yaşatmalı.

Geosiyasət üzrə: "Davos ruhu qlobal qaynar nöqtələrdə münaqişələrin həlli üçün necə körpülər yaratmağa, barışıq üçün kik starlar müəyyən etmək məqsədilə qeyri-rəsmi görüşlər təşkil etməyə nail ola bilər.

Sənaye üzrə: Dördüncü sənaye inqilabında sahibkarlıq fəaliyyətinin inkişafını təmin etməkdən ötrü biznes modelləri yaratmaq. Dünyada siyasi gərginliyə məruz qalmış, eksponensial texniki dəyişikliklərin təsir etdiyi müəssisələrə bütün maraqlı tərəflərin artan gözləntiləri fonunda necə yanaşmaq.

Forumla bağlı bir maraqlı detalı da qeyd etməliyəm. Yubiley görüşünün keçirildiyi məkanda 100 faiz bərpa olunan enerjidən istifadə ediləcək. Və Prezident Əliyevin bu günlərdə Səudiyyə Ərəbistanı krallığının "ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul etməsini də mən Azərbaycanın 4-cü sənaye transformasiyasına hazırlanması səmtində növbəti adım kimi qavrayıram.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Sizi enerji sektorunda, xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan "ACWA Power” şirkəti və "Masdar” şirkəti ilə bu gün imzalanmış çox mühüm İcra Müqaviləsi münasibətilə təbrik etmək istərdim. Bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq. Çünki bərpa olunan enerji bu gün bizim üçün enerji sektorunda prioritetlərdən biridir. Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Beləliklə, siz Azərbaycanda işləməyə maraq göstərirsiniz. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik. Çünki bu, çox böyük investisiyadır. Mənə məlumat verildi ki, bu gün İcra Müqaviləsinin imzalanmasından sonra digər müqavilələrin hazırlanması üçün bir qədər vaxt var və ümidvarıq ki, bu il biz Günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bu, bizim üçün çox mühüm layihədir.

Qeyd etdiyim kimi, Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir. Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb.

Sizin investisiyalarınız yüz milyonlarla dollar məbləğində olacaq. Elektrik enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu, həqiqətən Azərbaycanda bərpa olunan enerji baxımından böyük dəyişiklik olacaq. Həmçinin şadam ki, bu layihələrdə sizin şirkətləriniz tərəfdaş olaraq seçiliblər. Hesab edirəm ki, bu, gözlənilməz deyil. Çünki mənə məlumat verilib ki, "ACWA Power”in ümumilikdə 30 min meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. "Masdar” 4 min meqavat bərpa olunan elektrik enerjisi istehsal edir. Beləliklə, siz bu sahədə çox təcrübəli və aparıcı şirkətlərsiniz. Buna görə də sizi görməkdən çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız uzunmüddətli olacaq, bütün layihələr və texniki məsələlər vaxtında həll ediləcək. Biz bu iki iri layihəni başlayacağıq və bu layihələr Azərbaycana gələcəkdə digər investisiyaları, digər investorları da cəlb etmək imkanı verəcək. Çünki bizim ölkə küləklə və Günəşlə zəngindir. Bəzən külək hansısa narahatlıq yaradır, lakin, eyni zamanda, havanı təmizləyir. Ancaq indi külək və Günəş bizim enerji istehsalımıza xidmət edəcək və bunun sayəsində daxili istifadə və ixrac üçün çoxlu təbii qaza qənaət olunacaq. Bir daha xoş gəlmisiniz və bir daha Azərbaycanda investor olmaq qərarınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm.”

"ACWA Power” şirkətinin Rəhbərinin fikirlərində isə diqqətimi bu nüans daha çox cəlb etdi. İstərdim ki, qonağa qulaq asaq və sonra həmin nüans üzərində dayanaq:

"ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan: "Cənab Prezident, biz bu layihələri sizin baxışınızı reallaşdırmaq üçün birlikdə həyata keçiririk. İqtisadi, sosial dəyərlərə gəldikdə isə biz buradakı insanlara təlimlər keçəcəyik, "know–how” biliklərini ötürəcəyik. "ACWA Power” şirkətində bizim səhmdarlarımız, idarə heyətimiz tərəfindən belə qərar qəbul edilib ki, Azərbaycanı region üçün platforma olaraq istifadə edək. Bilirsiniz ki, bu, təkcə Azərbaycan üçün deyil. Bizim ofisimizin aprel ayından burada tam fəaliyyətə başlayacağının səbəbi də budur. Biz insan kapitalının inkişafı üçün təlimlərin keçirilməsi ilə məşğul olacağıq. Çünki Sizin rəhbərliyinizlə bu ölkədə çox böyük insan kapitalı yaranıb və biz bundan beynəlxalq səviyyədə istifadə etməyə çalışacağıq. Bəli, bu, bizim Azərbaycanda inkişaf etdirməyə çalışdığımız layihə üçün olacaq. Lakin, eyni zamanda, dünya miqyasında rəqabət qabiliyyətliliyimizi və potensialımızı artırmaq üçün insan kapitalından istifadə edəcəyik. Biz öhdəliklərimizə sadiqik və mən hökumətimizin salamlarını Sizə çatdırıram. Lakin biz, eyni zamanda, bu layihədə sağlamlıq və əməyin təhlükəsizliyi, vaxt, keyfiyyət, etibarlılıq baxımından üzərimizə öhdəlik götürürük. Bu layihə 200 milyon dollar dəyərindədir. Eyni zamanda, biz burada istər bərpa olunan enerji mənbələri ilə, istərsə də yüksək səmərəliliklə qazın, yanacağın istehsalı ilə bağlı uzunmüddətli əməkdaşlığa sadiqik. Biz burada olmaqdan çox şadıq. Bəli, biz səudiyyəliyik, lakin yerli şirkət kimi fəaliyyət göstəririk və göstərəcəyik. Çünki biz Sizin sistemin, Azərbaycandakı və regiondakı inkişafın bir parçası olmaqdan qürur duyuruq. Sizinlə görüşmək mənim üçün həqiqətən şərəfdir. Çox xoşbəxtəm ki, Sizinlə görüşmək üçün bizə böyük imkan yaratmısınız. Mən çox məmnunam. Sizin iş cədvəlinizin gərgin olduğunu bilirəm. Bu böyük imkanı bizə yaratdığınız üçün Sizə minnətdarıq.”

İndi isə üzərində dayanmaq vədi verdiyim xırdalıq barədə. Məsələ burada Azərbaycanın məhz platforma olaraq seçilməsində, beynəlxalq giriş kimi, açar dövlət olaraq dəyərləndirilməsindədir. Davos standartlarını hədəf seçən, cəmiyyət və təbiətlə bağlı proseslərə insan təmasının təsirini minimum həddə çatdıran, ölkədəki dinamik inkişafı insan kapitalı və süni zəkanın ideal əlbirliyi nəticəsinə çevirən və bununla da Azərbaycanı dünyanı tam dəyişəcək, prosesləri mindəfədən artıq sürətləndirəcək Kvant kompüterləşdirməsinin fantastik aqibətinə hazırlayan dövlətin lideri ölkəyə təklif edilən üstünlükləri kimə və nəyə görəsə edilən yaxşılıq, minnət kimi qəbul etmir. Prezident yaxşı bilir ki, niyə Azərbaycanı seçirlər? və ya Azərbaycan niyə artıq seçilib:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Bu maraqları yaradan bir çox amillər var. Birincisi, Azərbaycandakı siyasi sabitlik, proqnozlaşdırma, iqtisadi inkişaf, həmçinin şaxələndirilmiş infrastruktur, ixrac imkanları. Qeyd etdiyim kimi, bu gün biz təkcə neft və qazı yox, həm də elektrik enerjisini ixrac edirik. Böyük potensial var, xüsusilə bərpa olunan enerji sektorunda. Beləliklə, bu layihə bizim üçün çox vacibdir. Sizə bu qərarı verdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm.”

Təvazökar və soyuqqanlı reaksiya. İmkanlarını dürüst qiymətləndirən bir dövlətin başçısından gözlənilən sadə cavab. Eyni görüşdə daha bir dialoq da maraqlıdır. Sitat Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahiyə aiddir. Burada da biz planet üçün Davos standartlarının mühüm komponentlərindən birinin adını eşidirik. Karbonsuzlaşdırma.

"Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi"Karbonsuzlaşdırma dövrü istiqamətində planlarınızda iştirak etmək, onları dəstəkləmək öhdəliyini üzərimizə götürmüşük. Dünyanın gələcəyi karbonsuzlaşdırma istiqamətində ənənəvi enerji istehsalı üsullarından asılılığı azaldaraq daha təmiz gələcəyə doğru gedir. "Masdar” şirkəti olaraq biz diqqətimizi dayanıqlı şəhər icmalarına, bərpa olunan enerji və gələcək texnologiyalara yönəldirik.

Cənab Prezident, bu prosesdə iştirak etmək və Sizin tərəfdən seçilmək böyük şərəfdir. Bilirik ki, Sizin dəstəyiniz, aydın təlimatınız, Sizin baxışınız olmasaydı, biz burada önünüzdə əyləşməyəcəkdik.

Bir daha çox sağ olun, cənab Prezident. Ölkənin və dünyanın qürur duyacağı bir nəticəyə nail olmaq məsələsində bizə etibar edə bilərsiniz, inşallah.”

Ölkənin və dünyanın qürur duyacağı nəticə. Bunu biz demirik. Nüfuzlu peşəkarlar korpusu deyir. Və onlar həm də Azərbaycanın çəkisini, planetar problemlərin həllində samballı rolunu qeyd edirlər. Etiraf igidin yaraşığıdır: "Sizin dəstəyiniz, aydın təlimatınız, Sizin baxışınız olmasaydı, biz burada önünüzdə əyləşməyəcəkdik!”. Bu fikirlər Azərbaycanın planetin yeni tribunasından elan etdiyi mövqeyə tam adekvatdır. Elə buna görə də İlham Əliyev "ACWA Power” və "Masdar” şirkətlərilə imzalanmış İcra Müqaviləsini çox mühüm və hətta Azərbaycandakı enerji layihələrinin inkişafında yeni mərhələ adlandırdı. Bizə görə isə təkcə Azərbaycan üçün deyil, elə dünyadan ötrü də. Amma təbii ki, istinad nöqtəsi Azərbaycandır. Hər şey ona görə edilir ki, Azərbaycanın, azərbaycanlıların sözün həqiqi mənasında işıqı gələcəyi təmin olunsun. Və bu, Planetə zərər vermədən baş versin. Ona görə də ölkənin işıq təsərrüfatı ilə bağlı Prezidentin strategiyası məhəlli xarakter daşımır, qlobaldan yerliyə itələndiyi kimi, yerlidən də planetar müstəviyə çıxır. Məsələn, şəxsən mənə tam aydındır ki, niyə Prezident son zamanlar ölkənin məhz energetika, işıq mövzusunu prioritet kimi qoyur. Əvvəlcə Azərenerjinin rəhbərliyini, sonra Azərişığın yeni sədrini, daha sonra isə bayaq təqdim etdiyimiz Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan mötəbər qonaqları məntiqi ardıcıllıqla qəbul edən İlham Əliyevin beynəlxalq miqyas və yerli əhəmiyyəti özündə birləşdirən vacib xətti əhatə etdiyini görməmək mümkün deyil.

Xatırlayaq: Prezident Vüqar Əhmədovu "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin edərkən qəbul etmiş və təyinat gününə qədər ölkənin cərəyan təsərrüfatında cərəyan edənlərin yığcam təhlilini aparmışdı. Və elə bu görüşdə bərpaolunan enerjinin də əhəmiyyəti üzərind dayanmışdı:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.”

Qlobal hədəflər öz yerində, amma əsas tapşırıq sadə vətəndaşın qayğılarını qarşılamaq, onun üçün daha əlverişli, rifah mühiti yaratmaqdır. Mənim burada Davos standartları, qlobal istiləşmə, karbonsuz dünya, hibrid avtomobillər haqqında dediklərimi adi, xüsusi biliklərə malik olmayan vətəndaş o zaman aydın başa düşəcək ki, evində işığı, suyu, qazı var və sabaha düşən açarı başqasının cibində axtarmır. Ona görə Prezident "Enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən "Azərişıq” daim bu işlərə diqqət yetirməlidir” deyir. Bəs niyə deyir? Çünki…?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Çünki bizim tələbatımız artır. Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıbdır. Deməli, əlavə enerji gücü lazımdır. Hesab edirəm ki, şəbəkəyəqoşulma bizdə yüksək səviyyədə təmin olunur. Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur. Ancaq tələbat artır, əhali artır və artacaq. İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profisitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın. Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin. 2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzanın fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək."

Beləliklə biz bugünki, yeni və gələcək Azərbaycanın Davos standartlarına ardıcıl hazırlanma konsepsiyasının çoxşaxəliliyini müşahidə edirik. Bura bir sıra ciddi istiqamətlər aiddir. Enerji əlçatanlığımızdan danışdıq. Dünya ikincisiyik.

Yol infrastrukturu müstəsna faktordur. MDB-də mütləq liderlərdən, Avropanın avanqardındayıq. Ona görə ki, ölkəmizin cəlb olunduğu meqalayihələrdə istər dəniz, istər dəmir, istər quru yolun əhəmiyyəti həlledicidir. Dünyanın bütün nəhəng limanları Bakıda toplaşaraq növbəti müddətə yol xəritəsi tərtib edir. Azərbaycanın Quru Yolları Davos İqtisadi Forumunun təqdir etdiyi həddədir. Hava Yollarında isə islahatların artıq başlandığını demək olar. Çünki bu yaxınlarda AZAL-ın hava məkanı bütün aviaşirkətlər üçün açıq elan edildi və bu da Azərbaycanın özünəməxsus yol fəlsəfəsinin mühüm komponentidir. Mülki aviasiyamızın tarixində ilk dəfə olaraq "beşinci və yeddinci” qrup hava azadlığı ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq. "Hava azadlığı” hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyir. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında bir o qədər çox hərəkət etməsinə icazə verilir. Məsələn, beşinci qrup "hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə biləcəklər. Yeddinci qrup "hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. Beləliklə biz sizinlə Azərbaycanın Davos standartlarına uyğunlaşdırılma tempi və keyfiyyətini bütün həlledici istiqamətlər üzrə izləməkdəyik. Hər şey ona görə edilir, hər iş ona görə görülür ki, Azərbaycanda olmaq, Azərbaycanlı olmaq əlverişli olsun. İslahatlar menecerlərdən təfəkkür tərzini də uyğun sürətlə dəyişdirməyi tələb edir. Prezidentin tapşırıqlarını sadəcə tabeçilklə yerinə yetirmək yox, anlayıb icra etmək tələb olunur. Məsələn, Azərbaycanda 650 min ağac əkmək, düzdür, Nəsiminin 650 illiyi adı altında təşkil edilir. Amma ideyanın kökündə Davos forumunun ekologiya bölümü dayanır. Bayaq dediyimiz kimi: Biznesin iqlim dəyişiklikləri riski qarşısında səfərbərliyi və biomüxtəlifliyin mühafizə tədbirlərinin meşələrin təki və okeanların dibinə yetişməsini təmin etmək. Yəni Nəsimi adına ağac əkən bir azərbaycanlı bununla Avstraliyada baş verən yanğının qarşısını beş-altı yarpaqlıq aldığını dərk etməlidir. Və ya Prezident Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilən toplantıda dövlətin xarici borclarına mövcud valyuta ehtiyatlarının etibarlı maliyyə fonu yaratdığını dedikdə biz müstəqilliyin nə qədər etibarlı iqtisadi əsaslara dayaqlandığından qürurlanmalıyıq, amma eyni zamanda Davos forumunun iqtisadiyyat üzrə müəyyənləşdirdiyi başqa bir prioriteti xatırlamalıyıq. Uzunmüddətli borc öhdəliklərini aradan qaldırmaq və iqtisadiyyatın əhatə dairəsini genişləndirməyə imkan verən tempdə saxlamaq. Yaxud ən yeni texnologoyaların cəlb olunduğu ASAN, DOST və bu kimi başqa inkişaf institutlarının arxa fonunda vətəndaşımız gərək Davosun texnologiya ruhunu hiss etsin: Dördüncü sənaye inqilabı texnologiyasının tətbiqi üzrə qlobal konsensusa və bununla yanaşı "texnoloji müharibələrdən yayınmağa necə nail olmalı? Və ya gəlin bir qədər təqdim etdiyimiz sitatı yenidən xatırlayaq.

Prezidentin Azərişığ-ın rəhbərliyini qəbul edərkən dediklərindən:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Əhali artır və artacaq. İndi əhali 10 milyona çatıbdır. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək”.

Bu isə həm də Davos forumunun elan etdiyi qlobal prioritetlərdəndir: Cəmiyyət növbəti onillikdə yeni milyard insanı necə yaşatmalıdır. Azərbaycan Prezidenti öz on milyonuncu adamını məhz bəşəriyyətin milyardının içində qoruyur.

İndi isə Qarabağ münaqişəsi haqqında.

İlham Əliyev Ermənistanın siyasətini niyə son zamanlar Njde fəlsəfəsiylə paralel təqdim edir? Ona görə ki, bütün faşizm ideologiyasını bütün tərəqqipərvər dünya lənətləyir və heç şübhəsiz ki, 2-ci Dünya Müharibəsinin başa çatmasının 75 illik yubileyinin hansısa bir formada mütləq xatırlanacağı Davos forumunda bu yanaşma opponentlərə tutarlı zərbə endirmək üçün əlverişli fürsət olacaq. Burada Qarabağ münaqişəsi mözusunun qabardılması üçün yer də var. "Davos ruhu qlobal qaynar nöqtələrdə münaqişələrin həlli üçün necə körpülər yaratmağa, barışıq üçün kikstarlar müəyyən etmək məqsədilə qeyri-rəsmi görüşlər təşkil etməyə nail ola bilər. Azərbaycan lideri Davos forumu ərəfəsində milli inkişaf konsepsiyasının əhəmiyyətli bir hissəsi haqqında da düşüncələrini bölüşür. İş adamları, sahibkarlar, onların cari psixoloji vəziyyətləri. Yerləşdikləri mənəvi atmosfer. Davos standartları bu vəziyyəti sənaye sahəsinə bu sual altında aid edir: Dördüncü sənaye inqilabında sahibkarlıq fəaliyyətinin inkişafını təmin etməkdən ötrü biznes modelləri yaratmaq. Dünyada siyasi gərginliyə məruz qalmış, eksponensial texniki dəyişikliklərin təsir etdiyi müəssisələrə bütün maraqlı tərəflərin artan gözləntiləri fonunda necə yanaşmalı.

Biz bütün bunları niyə sadalayırıq? Ona görə ki, Azərbaycan bir tərəfdən özünü, müstəqilliyini qoruyur, eyni zamanda isə özünü dünyanın gələcəyi naminə, planet üçün lazım olduğuna inandırmaqla mühafizə edir. Milli eksklüzivliyi qoruyub saxlamaq şərtilə dünyaya qaynayıb qarışmaq yolunu tutur. Prezident Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edərkən bu mövzuya xüsusi diqqət ayırdı. Düzdür, söhbət qədim və müasir Bakı paralelində aparılırdı. Bakının, bütün ölkənin arxitektura görünüşünün səliqəyə salınmasından bəhs edilirdi. Sovet dövründən ta bu günədək olan zamanın əhatə edən Prezident ekologiyanın bərpa edilməsinə, təbii artıma, o cümlədən demoqrafik vüsət almaya da toxundu. Bütün işlərin, planların yaranmaqda olan yeni vəziyyətə uyğunlaşdırılması hədəf olaraq göstərildi. İlham Əliyevin bu çıxışına Bakının və Azərbaycanın iri şəhərlərinin gələcək görünüşünü müəyyənləşdirən tezislər toplusu tək yanaşmaq, şübhəsiz ki, onu ayrıca təhlil etmək lazımdır. Əliyevin elə təkcə Bakının mərkəzi hissəsi barədə düşünülən gələcək nə qədər maraqlıdır. Amma Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə xitabla dedikləriylə əslində köhnə və təzənin uğurlu sintezi barədə özünəməxsus konsepsiyasını bir daha xatırlatdı. Yəni diqqətli tamaşaçı üçün anlamaq heç də çətin olmaz ki, bu yaxınlarda elə kadr siyasətini izah edərkən, yaşlı və gənc nəslin birgə fəaliyyətini Prezident eynilə bu kontekstdə izah etmişdi. Yaşlı və gənc nəsil idarəetmədə. Qədim və yeni Bakı arxitekturada. Şəhərsalmada.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Bakı şəhəri bizim milli sərvətimizdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunun iki səbəbi var. Birincisi, şəhərin quruluşu, şəhərdə mövcud olan gözəl tarixi memarlıq abidələri, o cümlədən İçərişəhər, şəhərimizin Xəzər dənizinin kənarında yerləşməsi. Bu abidələr əsrlərboyu mövcud idi. Ancaq indi bəziləri unudur ki, onların əvvəlki görkəmi necə idi. Qapqara qaralmış, yarıdağılmış, baxımsız, rəngi solmuş binalar və illər boyu o binaların divarlarına hopmuş çöküntülər onların əsl simasını gizlədirdi. Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik və tarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. "Alov qüllələri”, "Crystall Hall”, Xalça Muzeyi, ofis binaları – bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, – mən bu vəzifəni çox ciddi qoymuşdum, – ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.

Bəzi tarixi şəhərlərdə müasir binalar o şəhərlərin simasını korlayır, tarixlə tamamilə uzlaşmır. Amma bizim müasir binalarımız elə gözəl memarlıq üslubunda və elə yerlərdə inşa edilib ki, tarixlə uzlaşır. Məsələn, qədim İçərişəhərdən çıxıb yolu keçərək müasir bulvara qədəm qoyan hər bir insan sanki keçmişdən bu günə səyahət edir. Yenə də deyirəm, bu, nadir bir mənzərədir. Şəhər inkişaf etməlidir, böyüməlidir, ancaq çox ciddi şəhərsalma prinsipləri əsasında. İndi tikintidə mövcud olan əmsallar gözlənilməlidir və bu əmsallar pozulmamalıdır.”

Beləliklə, biz bir az əvvələ, yenidən Davos forumunun standartlarına qayıdırıq. Ekologiya, yeni milyard insanı necə yaşatmaq, infrastruktur… və hər şey adi vətəndaşın rahatlığı, asan yaşaması üçün edilir. Prezidentin uzun müddət balanslaşdılrılmış siyasət kimi anlaşılan kursu sezilmədən, ehmallıca milli maraqlar siyasətinə keçirməsini bəzən tənqid etmək fikrinə düşənlər son günlər dünyada baş verən proseslərə yəqin ki, yeni gözlə baxmağı bacararlar. Qardaş Türkiyə regionun aparıcı gücü kimi Liviyada sülh yaratmaq iddiasını ortaya qoyur. İran İslam Respublikası İraqda müharibədə iştirak edir. Bu yandan da Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasındakı vəziyyət qaynama həddini aşmaqdadır. Bütün bu proseslərdən biz sadəcə statistika kimi danışıb ötüşməməliyik. Çünki hər üç dövlətlə Azərbaycanın xüsusi münasibəti var. Türkiyə qardaşımız, Amerika Birləşmiş Ştatları müttəfiqimiz, İran isə yaxın qonşumuzdur. Münaqişəyə, böhrana cəlb edilmiş bu ölkələrin hər biri Azərbaycanla misilsiz münasibətlər sistemiylə bağlıdır. Rusiyanın Türkiyə ilə xüsusi münasibətləri isə ondan xəbər verir ki, Azərbaycanın ən böyük qonşusuyla bağlı yürütdüyü kurs nə qədər dürüst və etibarlı bazaya əsaslanırmış. Azərbaycanı məhz milli maraqlara bazalanan xarici siyasət kursuna görə heç bir ciddi təhlükə təhdid etmədi və etmir. Yaşsağlığına da, başsağlığına da eyni dərəcədə haqqımız çatır. Bu gün Prezidentin milli maraqlardan çıxış edilərək yürütdüyü kursa görədir ki, həm Moskva, həm Ankara, həm Vaşinqton, həm də Tehran Azərbaycanı özünəməxsus şəkildə qorumağa borcludur. Yanlış eşitmədiniz. Əlbəttə, səbəblər müxtəlif ola bilər. Amma nəticə birdir. Azərbaycan nüfuzlu sərkərdəsini, general Qasım Süleymanini itirən İran Silahlı Qüvvələrini, yanlışlıq nəticəsində öz səmasında vurduğu sərnişin təyyarəsinin ağrısını çəkən qonşusunu eyni həddə başa düşdü və dərdinə şərik oldu. Cəmiyyətin bir böyük təbəqəsi isə yenə sosial şəbəkələrin həvəskar atmosferində özünün ən çatışmaz, naqis keyfiyyətlərinin nümayişi ilə üz-üzə qaldı. Kimi Süleymaninin əlini Həzrət Abbasdan qalan ələmə tay tutdu. Kimisi də nədənsə Azərbaycan generallarını xatırlamağa çağırdı. Amma niyə: Axı Qasım Süleymani İranın hərbi xadimidir. Onu İran dövləti ağlayar da, ağlamaz da, özü bilər, gözü bilər. Bəs bizim gözümüz nə görür? Generalımızı xatırlayaq deyə hər dəfə kimsə haranınsa generalını vurmalıdı? Azəbaycan vətəndaşı olaraq bu gün dövlətimizi öz postumuzda, öz yerimizdə, adi vəzifə və mükəlləfiyyətlərimiz çərçivəsində qorumaq borcumuzu təəssüf ki, bəzən unuduruq. Əyrafımızda baş verən ən mürəkkləb şahmat kombinasiyalarına maksimum domino düşüncəsi ilə yanaşmaq,”üçün biri ondadı, atamın goru haqqı!” proqnozuyla oynamaq yumşaq desək təhlükəlidir. Dəfələrlə toxunduğumuz bir mövzuya qayıdıram. Sosial şəbəkələrdəki qeyri-ciddiliyin monitorinqin aparmalı olan ciddi quruma ehtiyac var. Burdakı başıpozuqluq, it aşı kimi bir-birinə qarışmaqlıq ayrı-ayrı şəxsləri linç edir, bəzən hətta intihara itələyir. Hər kəsin özünü ekspert elan etməsi, təsadüfən əlinə tribuna keçmiş məsuliyyətsizlərin çeşidlənməsinə, hətta bəlkə kimlərinsə lap məsuliyyətə cəlb olunmasına ehtiyac var. Alimin, ziyalının belə, yalanı həqiqət kimi təqdim etmə, buna başqalarını da inandırma cəhdləri sosial şəbəkələrdə ifrata varıb. 2018-ci ilin iyulunda, Gəncədə baş verən terror hadisəsinə bir vergül boyu toxunmayan, ideologiya diversantlarının Azərbaycana basqını qarşısında bir kəlmə belə yazmayan, əksinə susqunluğu ilə dövlət düşmənlərinin mansartında filmə baxırmış kimi tamaşa edə-edə pop-korn yeyən məqsədli fürsətcillər yanımcıllıqla Süleymani ruhuna silsilə reportajlar bağışlayırlar. Bütün ölkəni sarsıdan 10 yaşlı Nərminin başına gətirilənlərin də bir səbəbini mən sosial şəbəkələrdə görürəm. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları təhlil və müayinə etmək fikrindən uzağam. Amma unutmayaq ki, bu saat ən kiçik yaşlı cocuğun da bir çox hallarda ən müxtəlif funksiyalara malik telefonlara, internetə girişi ola bilir. Onları çox rahat şəkildə aldatmaq mümkündür. Körpələrdi, oyuncaqla baş aldadan vaxtlarıdır. Övladlarımızı ilk növbədə özümüz qorumalıyıq. Zaman dəyişir, hörmətli tamaşaçılar, nə qədər çətin olsa da, gəlin pencəyimizin ardınca özümüz gedək. Gedək ki, axırda papağımızın ardınca başqalarını yollamayaq. Planet böyükdür. Onunçün fərqi yoxdur, yanan avstraliyalı kenquru balasıdı, ya azərbaycanlı balası Nərmin… Hər birindən bir ovuc kül və ya sümük qalır.

Bu yaxınlarda Avstraliyada baş vermiş və bu saat da davam edən ekoloji fəlakətin vurduğu ziyanın statistikasına rast gəldim. 1 milyarddan artıq heyvan və quş tələf olub. 10 milyon hektar ərazi tamamilə məhv olub. Bu hələ köhnə məlumatlardır. Real itki yəqin ki, qat-qat artıqdır. Və bu hələ heyvanların və bitkilərin itki statistikasıdır. Bəs itirdiyimiz havanı, oksigeni kim ölçür? Neçə trilyon yarpaqlıq oksigen itirmişik? Avstraliya ağacları yalnız Avstraliya üçün oksigen istehsal etmirdi axı. Elə bizim İmadəddin Nəsiminin 650 min ağacının yalnız Azərbaycana nəfəs vermədiyi kimi.

Diasporlarla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla söhbəti təqdim edirəm.

Azəbaycan və azərbaycanlıların bütün planetdəki yeri və faydasından danışmışıq.

 

OnlinePress.az