“Günaydın, Türk dünyası” kitabı təqdim olunub
05 Oktyabr, 14:56   |    Baxış sayı: 64

“Günaydın, Türk dünyası” kitabı təqdim olunub

Bişkekdəki A.Osmonov adına Milli Kitabxanada şair, dramaturq, publisist, tərcüməçi, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun "Günaydın, Türk dünyası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri A.Jamankulov, parlamentin eks-spikeri M.Şerimkulov, TÜRKSOY beynəlxalq təşkilatının Qırğızıstan üzrə təmsilçisi K.Kuluyev, Türkiyənin Qırğızıstandakı Səfirliyinin müşaviri N.Şimşəklər, ölkədəki diplomatik korpusun başçıları və diplomatları, millət vəkilləri, xalq yazıçıları M.Bayciyev, O.Sultanov, tanınmış elm, mədəniyyət və ictimai xadimlər, Azərbaycan diasporunun təmsilçiləri, Qırğızıstanda yaşayan etnosların rəhbərləri, ictimai təşkilatların və KİV-lərin nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, TÜRKSOY-un dəstəyilə "Günaydın, Türk dünyası” kitabı 7 dildə (Azərbaycan, türk, qırğız, qazax, özbək, türkmən, rus) nəşr olunub. Kitaba müəllifin ədəbi istedadının çoxcəhətliliyini göstərən əsərləri daxil olub. Şeirlərin leytmotivini Vətənə məhəbbət, milli-tarixi yaddaşın oyanışı, mənəvi-əxlaqi dəyərlərin təsdiqi, müasir dünyanın problemləri təşkil edib.
Çıxış edən natiqlər təqdim olunan kitabı müəllifin ədəbi yaradıcılığının növbəti mərhələsi kimi qiymətləndirməklə yanaşı, Azərbaycanın uğurlu inkişafına heyranlıqlarını bildiriblər. Onların fikrincə, bu, Prezident İlham Əliyevin güclü müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasi kursun göstəricisidir.
Təqdimat mərasimi çərçivəsində "Günaydın, Türk dünyası” kitab-illüstrasiya sərgisinin də açılışı olub. Tədbir konsert proqramı ilə davam etdirilib.