Sabir Rüstəmxanlı – Millətə xidmət üçün statusa ehtiyacı olmayan Şəxsiyyət
05 Fevral, 12:46   |    Baxış sayı: 791

Sabir Rüstəmxanlı – Millətə xidmət üçün statusa ehtiyacı olmayan Şəxsiyyət

Azərbaycan xalqının statusundan və daşıdığı vəzifədən asılı olmayaraq, hər zaman qəbul etdiyi, sözünə, tövsiyəsinə etimadla yanaşdığı dəyərli ziyalıları olub var. Ən kritik dönəmlərdə xalqın önünə çıxaraq, lokomotiv kimi təhlükənin üzərinə gedən, zərbəni özünə yönəldən, çıxdığı ideya yolunda bir addım da geri atmayan ziyalılarımız sağlığında misilsiz örnəyə çevriliblər. Bu qəbildən olan ziyalılarımızdan söz düşəndə, əlbəttə ki, ilk xatırlanan adlardan biri və birincisi Xalq şairimiz Sabir Rüstəmxanlıdır.

Bu ad-soyadın heç bir təqdimata ehtiyacı yoxdur. İstər yaşlı, istər orta, istərsə də gənc nəsil Sabir Rüstəmxanlını tanıyır, qiymətləndirir, onun mübarizələrdə keçən bioqrafiyasının vacib məqamlarını bilir. Sözün tam mənasında xalqın adamı olan Sabbir Rüstəmxanlı hər zaman olduğu kimi, bu gün də xalqın və haqqın yanındadır.

Bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyinin bərpasına, tarixi ədalətsizlik nəticəsində bir neçə yerə parçalanmış Azərbaycanın yenidən bütövləşməsinə, millətin tərəqqisinə, inkişafına həsr etmiş Sabir Rüstəmxanlı ömrünü həqiqətən də, məşələ çevirib. O məşəlin işığı bu gün də xalqın irəliyə genə yolunu aydınlatmaqdadır.

Ədəbi-publisistik yaradıcılığının ilkin dövrlərindən başlayaraq, özünü milli ideyaların gerçəkləşdirilməsinə həsr etmiş Sabir Rüstəmxanlı bu mövqeyinə görə daim sovet rejiminin hədəfində olub, aramsız təzyiqlərə, təqiblərə məruz qalıb. Milli ruhun hopduğu şeirləri ilə böyük ictimai rəğbət qazanan Sabir Rüstəmxanlı Moskvanın təhriki ilə yenidən körüklənən Dağlıq Qarabağ münaqişəsinin alovlandığı ərəfədə özünü bu fitnələrə sipər edən azsaylı ziyalılarımızdan biri kimi meydana çıxdı.

Sabir bəyin o dövrdə yazdığı "Ömür kitabı” hər bir azərbaycanlının masaüstü kitabı oldu, əldən-ələ gəzdi, xalqı gözləyən gələcək təhlükələrin siqnallarını verdi. "Ömür kitabı” sovet dövründə tarixi başdan-başa saxtalaşdırılan, kiçildilən, zəngin mədəniyyəti dəyərsizləşdirilməyə cəhd göstərilən Azərbaycanın dünyaya hayqıran haqq səsi, sovet ideologiyasının sifətinə vurulan sillə sayılırdı.

O baxımdan, Dağlıq Qarabağın Azərbaycandan qoparılması planlarına qarşı çıxan xalqın önündə məhz Sabir Rüstəmxanlının dayanması tam qanunauyğunluq idi. Onun rəhbərlik etdiyi "Azərbaycan” qəzeti milli düşüncənin əvəzsiz ruporuna çevrilmişdi. Eyni zamanda, Azərbaycanın Dövlət Müstəqilliyi Aktının altındakı imzalar arasında Sabir Rüstəmxanlının imzasının yer alması da o qanunauyğunluğun davamıdır.

Müstəqilliyin bərpasından sonra mühüm dövlət postu tutan Sabir Rüstəmxanlı milli mətbuatımızın inkişafı üçün gərəkən bütün tədbirləri gördü, yeni medianın formalaşmasına təkan verən lazımi addımların atılmasına təsir göstərdi. Amma millətə xidmət naminə yüksək məqamı gözünü belə qırpmadan tərk etdi.

Sabir Rüstəmxanlı bütöv Azərbaycan ideyasının həyata keçirilməsində bu gün də böyük əzmlə mübarizə aparan ziyalımızdır, bu ideyanın sistem halına salınması da böyük mənada onun adı ilə bağlıdır. Sabir bəyin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) beynəlxalq səviyyədə qəbul olunan statusa malikdir. Dünya azərbaycanlılarının bir araya gətirilməsinə yönəlik bütün rəsmi və qeyri-rəsmi təşəbbüslərdə Sabir bəy çox mühüm yer alır.

Xalq şairimiz bir neçə dönəm Milli Məclisin deputatı, millətin gerçək vəkili olub. Millət vəkili olduğu dövrlərdə tək seçildiyi bölgənin, dairənin deyil, bütün xalqın problemlərini parlament tribunasından dilə gətirib. Azərbaycana qarşı təzyiq və pozuculuq planlarına qarşı çoxunun cəsarəti çatmayacaq sərtliklə mövqeyini birmənalı şəkildə ortaya qoyub.

Sabir bəy bu gün də Neftçala rayonundan millət vəkilliyinə namizəddir. Bəlkə də bəzilərində sual yarana bilər ki, Sabir Rüstəmxanlı nəyə görə namizədliyini doğulduğu Yardımlı rayonundan, yaxud da yaşadığı Bakıdan irəli sürməyib? Sualın cavabı hər kəsə aydındır. Sabir bəy bir rayonun, bir regionun hüdudlarına yerləşəcək şəxsiyyət deyil. Sabir Rüstəmxanlı qazandığı böyük nüfuzla Azərbaycanın istənilən bölgəsindən namizədliyini irəli sürə və rəqib tanımadan qalib gələ bilər. Bu sadə həqiqət hər kəsə aydındır. Məgər Sabir bəy millət vəkili olanda sadəcə, seçildiyi bölgənin məsələləri ilə kifayətlənirdi? Qətiyyən!

Bu kimi saulları yaranan insanlar Sabir bəyin Neftçala seçiciləri ilə keçirdiyi son görüşü diqqətlə izləsinlər. O zaman bütün suallarına cavab tapacaqlar. Həm də inanacaqlar ki, Sabir bəy neftçalalıların böyük rəğbəti fonunda artıq fevralın 9-na qədər millət vəkili statusunu təmin edib. Bütün hallarda Sabir bəy millət üçün çalışmaq üçün hansısa statusa ehtiyac görməyən şəxsiyyətdir.

Sabir Rüstəmxanlının Milli Məclisin yeni tərkibində olması ictimai sifarişdir. Fəaliyyətləri ilə ictimai qınağa tuş gələn çox sayda deputatdan fərqli olaraq, Sabir bəyin parlamentdə olması Milli Məclisin nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, milli əhəmiyyətli məsələlərin diqqət mərkəzinə gətirilməsini təmin edəcək.

Millət və Dövlət yolunda əzmkar fəaliyyətinə bir an belə fasilə verməyən Sabir Rüstəmxanlıya uğurlar arzulayır, onun böyük ideyalarının həyata keçməsini diləyirik.




Toğrul Allahverdili

Diasporpress.az