“SEÇKİYƏ GÖRƏ ABADLIQ İŞLƏRİNİ DAYANDIRMALIYIQ?” – Xətai RİH-dən İqbal Ağazadənin ittihamlarına cavab
15 Yanvar, 14:58   |    Baxış sayı: 1246

“SEÇKİYƏ GÖRƏ ABADLIQ İŞLƏRİNİ DAYANDIRMALIYIQ?” – Xətai RİH-dən İqbal Ağazadənin ittihamlarına cavab

Şöbə müdiri Pənah İmanov: "Bu işlər 2019-cu ilin əvvəllərindən start götürüb, prosesin seçkilərlə əlaqəsi yoxdur”

Son zamanlar Xətai rayonu ərazisində ciddi abadlıq-quruculuq işləri aparılır. 2019-cu ilin əvvəllərindən başlayan abadlıq işləri bu gün də davam etdirilir.

Görülən və görüləcək işlərlə bağlı danışan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, ötən ildən etibarən rayonda xeyli işlər görülüb və bundan sonra da onlar tərəfindən eyni temp üzrə vətəndaşlara xidmət davam edəcək: "İlk növbədə işlər Naximov küçəsində yolboyu yaşıllıq zolağının bərpa edilməsi ilə başladı. Məlumat üçün bildirim ki, demək olar ki, Sovet dönəmindən orada heç bir abadlıq işləri aparılmamışdı. Ötən ilin əvvəlində orada park salındı, uşaqlar üçün idman meydançası, uşaq əyləncə qurğular quraşdırıldı, şahmat meydanı tikildi və s. Eləcədə, böyüklərin dincəlməsi üçün günlük, oturacaqlar quraşdırıldı, park müasir işıqlandırma sistemi ilə təchiz edildi. Binaların fasadları təmir edildi. Həmçinin, yeni ağaclar, dekorativ kollar əkildi ki, bunlara da hər gün tərəfimizdən nəzarət edilir. Sosial işə cəlb edilən insanları ayırırıq ki, bu ağaclara, bitkilərə aqro-texniki xidmət göstərsinlər.

Ötən ilin mart ayında Zığ yolu 9 ünvanında vaxtilə bərbad halda olan, bəzi sakinlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş yaşıllıq zolaqları hasarlardan, tikililərdən təmizləndi.

Burada da uşaqların və böyüklərin əylənməsi və istirahəti üçün tam şəraiti olan park yaradıldı, fəvvarə tikildi. Həmçinin, təəssüf ki, uzun müddət baxımsız qalmış torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə həsr edilmiş şəhidlər kompleksi əsaslı şəkildə yenidən bərpa edildi. Bir qism adamlar tərəfindən qeyri-qanuni şəkildə zəbt edilmiş yaşıllıq zonalarındakı hasarlar sökülən zaman içəridə anti-sanitar vəziyyətin olduğunu müşahidə edirik. Baxırsan ki, bir binada 100 ailə yaşayır, ancaq yaşıllıqdan 10 adam yararlanır. Ona görə də, binaların həyətində olan bu kimi yerlər sökülüb, yerində park salınır.

Bu, artıq bir ənənə halını alıb. Mehmandarov küçəsi də Azərbaycan Avtomobil Yolları Agentliyi tərəfindən əsaslaı təmir edildi, biz isə həmin küçə boyu abadlıq işləri apardıq. Hazırda rayonun 11 istiqamətində abadlıq işləri gedir. Küçələrdəki səkilər yenilənir, ərazi müasir şəhər formasına salınır. Bu gün Bakının mərkəzi ilə Xətainin heç bir fərqi görünmür. "İDEA” İctimai Birliyinin "Abad həyət” layihəsinə biz də qoşulmuşuq. Naximovdakı, Zığ yolu 9, M.Rüstəmov 12, Lütfi Zadə 10, İ.Zülfüqarov 109-111 saylı binaların həyətində və s. ərazilərdə salınan "Abad həyət”lər və parklar da həmin layihə çərçivəsində həyata keçirilib.

Baxımsız qalan həyətlər bu layihə çərçivəsində abadlaşdırılır. Bu layihəyə uyğun olan 30-a yaxın parklar salmışıq. Bu həyətlərin əksəriyyətinin açılış marasimlərində "İDEA” İctimai Birliyinin nümayəndələri, bir neçəsində isə H.Əliyev Fondunun vitse-prezidenti, "İDEA” İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyeva özü şəxsən iştirak edib. Bu "Abad həyət”lərin salınması zamanı basketbol, futbol meydançaları, velosiped zolaqları salınır, uşaqlar üçün əyləncə, idman qurğuları, böyüklər üçün günlüklər və s. qurulur. Eyni zamanda binaların fasadları təmir edilib, girişlərin qapıları, mənzillərin pəncərələri dəyişdirilir. Həyət müasir işıqlandırma sistemi ilə təchiz olunur. İndi həmin İ.Zülfüqarov küçəsində növbəti park salınır.

Oradakı kol-kosu təmizləmək üçün təxminən 1 aydan artıq zaman keçdi. Yəni ərazi bu qədər bərbad vəziyyətdə idi. Bütün yayı orada təmizlik işləri aparmışıq və 10 günə yaxındır ki, ərazidə park salınır. Bundan başqa, Cavanşir küçəsini misal çəkmək istəyirəm. İllər idi orada baxımsız qalmış, yenə də bir qrup insanlar tərəfindən qanunsuz hasarlanmış, yöndəmsiz tikililər aparılmış ərazi təmizləndi, abadlaşdırıldı, xeyli ağac əkildi, gəzinti zolaqları salındı, oturacaqlar qoyuldu və işıqlandırma ilə təchiz edildi. İndi həmin ərazi ətrafda yaşayan sakinlərin ən sevimli yerlərindən biridir. Səmimi deyəcəm: hər yeni başçı təyinatından sonra cəhd edilmişdir, lakin işlər yarımçıq qalırdı. Ora elə bir bərbad vəziyyətdə idi ki, başlayan iş axıra çatdırmaq mümkün deyildi. Ancaq icra başçısı Rafiq Quliyev bunun öhdəsindən gəldi. Onu da qeyd edim ki, həmin əraziyə yaxın məsafələrdə məktəb və uşaq bağçaları yerləşir”.

P.İmanov bildirib ki, insanların bir zamanlar inanmadıqları layihələr artıq gerçək olmağa başlayıb: "M.Hadi küçəsi, H.Aslanov və Əhmədli metrostansiyalarının ətrafı o dərəcədə abadlaşdırılıb, yol boyu ticarət və iaşə obyektləri yenilənərək yeni bir müasir estetik görkəmə gətirilib ki, Avropa şəhərlərinin küçələrindən heç də fərqlənmir, əksinə, deyərdim ki, bir az da üstələyir”.

Xətai RİH-in şöbə müdiri bir məsələyə də toxunub: "Xətai 35 saylı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd İqbal Ağazadə bizi əsassız yerə suçlayıb. Gördüyümüz işlər seçkidən 1 il öncə başlayıb və indi də davam edir, bundan sonra da davam edəcək. Biz dairələrə baxmırıq, işimizi görürük. Belə çıxır ki, seçki ərəfəsidir deyə gördüyümüz işləri dayandıraq? Bu nə məntiqdir?! Əvvəla heç bir deputatlığa namizəd və ya deputat küçələrin asfaltlanmasını, park tikintisini icra etmir. Bu, icra hakimiyyətlərinin, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin işidir. Bunu vətəndaş da çox yaxşı bilir ki, bu işləri məhz icra hakimiyyəti və digər əlaqədar təşkilatlar görür. Biz, əvvəlcədən tərtib etdiyimiz Tədbirlər Planına uyğun olaraq işlərimizi görürük. Həmçinin, sakinlər tərəfindən daxil olan şikayətlərə dərhal reaksiya veririk, problemin həllinə çalışırıq.

Hər həftənin 5-ci günü başçının səyyar qəbulu həyata keçirilir. Bu görüşlərdə icra başçısı hər zaman bildirir ki, problemli yerləri bizə yazın, gəlib məlumat verin. Çünki rayonun ərazisi çox böyükdür və hər yerdəki problemi biz özümüz görməyə bilərik. Ona görə də, vətəndaşlardan gələn şikayətlər, mətbuatda verilən məlumatlar bizim üçün çox önəmlidir. Bu məlumatları oxuyub, problemin həlli ilə məşğul oluruq. Gəncə prospekti 75-77 və 79, N.Tusi küçəsi 9, 11, 19 ünvanlarda, Sadıqcan küçəsin 4, Çingizxan Kərimov 4 ünvanlarda abadlıq işləri davam edir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcək.

İnqilab İsmayılov küçəsi 5 ünvanını xüsusilə vurğulamaq istəyirəm. Buradan mütəmadi olaraq sakinlər tərəfindən şikayətlər daxil olurdu. Kimlərsə ərazini zəbt etmək istəyirdilər.

Qarşısı alındı. İndi orada tərəfimizdən böyük işlər gedir. Sayılı günlərdə insanlarımızın istifadəsinə veriləcək. Burada da idman meydançaları, uşaq əyləncə guşələri, günlüklər qurulacaq. Ən böyük işlərdən biri də M.Rüstəmov, Şirvani və Q.Nəbi küçələrində gedir. Bildiyiniz kimi, M.Rüstəmov küçəsində uzun müddət hər həftənin şənbə və bazar günləri kənd təsərüfatı məhsullarının satış yarmarkası təşkil olunurdu. Lakin bu yarmarka ətrafda yerləşən məktəb və uşaq bağçalarının fəaliyyətinə maneçilik törədir, yaranan antisanitariya və natəmizlik sakinlərin haqlı narazılığına səbəb olurdu. Doğrudur, yarmarka başa çatandan dərhal sonra təmizlik işlərinə başlanılırdı. Amma yenə də narazılıqlar davam edirdi. Ona görə də rayon rəhbərliyinin müraciətindən sonra tez bir zamanda N.Tusi küçəsində boş ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni bazar tikildi. İndi həmin bazar fəaliyyət göstərir. 

Şənbə və bazar günləri isə orada yarmarka təşkil olunur. Hal-hazırda Y.Səfərov küçəsində yerləşən 27 saylı tam orta məktəbin və 147 saylı texniki-humanitar liseyin qarşısında səki daşları yenilənir. Əhmədli qəsəbəsi, bildiyiniz kimi, şəhərin mərkəzində yerləşən yeganə qəsəbədir. Buranın ən əsas problemlərindən biri, bəlkə də birincisi kanalizasiya xəttinin olmamasıdır. Artıq əlaqədar təşkilatlarla birgə bu məsələ müzakirə edilmiş və layihələndirmə işi başa çatmışdır, yaxın günlərdə kanalizasiya sisteminin tikintisinə başlanacaq. Bu işlər başa çatdıqdan sonra küçələrin işıqlandırılması və asfalt işləri görüləcək.

Rayon ərazisində NZS yaşayış ərazisi var. İnsanların yolsuzluqdan və digər problemlərdən davamlı oıaraq şikayət etdiyi bir ərazi. 2019-cu ilin əvvəlindən başlayaraq həmin ərazinin böyük bir hissəsinə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 80 min kvadrat metr asfalt vurulub. Nobel prospektini Babək prospekti ilə birləşdirən Süleyman Əhmədov və Zakir Yusifov küçələr əsaslı şəkildə yenidən quruldu”.

Şöbə müdiri qeyd edib ki, yarmarka köçürüləndən dərhal sonra Məzahir Rüstəmov küçəsində abadlıq işlərinə başlanıldı. "Müraciətimizdən sonra Avtomobil Yolları Dövlət Agentliyi də həmin küçədə nəzərdə tutulmuş asfaltlanma və təmir işlərinə daha tez başladı. Paralel olaraq digər əlaqədar təşkilatlar, Azərsu, Azəristilik və Azəriqaz şirkətləri də həmin küçədə onlara məxsus olan xətlərin yenilənməsi işlərində başladılar. Yaxın zamanlarda həmin küçə də paytaxtımızın ən gözəl və abad küçələrindən birinə çeviriləcək. Qeyd edim ki, küçə və prospektlərin abadlaşdırılması işlərinə həmin ərazidə yerləşən sahibkarlar da böyük həvəslə qoşularaq obyektlərinin qarşısını və fasadını təqdim olunmuş layihəyə uyğun olaraq yenidən qururlar. Yəni burada vətəndaş məmnunluğu ilə yanaşı sahibkarların da məmnun qalması diqqət mərkəzində saxlanılır. Elə həmin M.Hadi küçəsində yerləşən bir sıra ticarət və iaşə obyektlərinin arxasında yerləşən M.Hadi 65 saylı binanın arxası baxımsızlıqdan az qala bir cəngəlliyə çevrilmişdi.

Tez bir zamanda bu ərazi də kol-koslardan, qeyri-qanuni və yöndəmsiz tikililərdən, qanunsuz hasarlanmalardan təmizləndi və yerində gözəl bir park salındı. Bunların hamısı bir məqsədə xidmət edir: İnsanların rifah halının yaxşılaşdırlmasına. Ölkə Prezidenti icra başçılarını təyin edən zaman onların qarşısında tapşırıq və vəzifə qoyur. Bildirir ki, yerlərdə vətəndaş məmnunluğunu təmin etsinlər. Biz bu məmnunluğu təmin edən zaman özümüz də sevinirik, insanlar da. Dövlət başçısı doğrudan da böyük addım atır. İcra hakimiyyətləri bu kimi problemləri həll edən zaman nə qədər insanın vəziyyəti yaxşılaşır. Eyni zamanda problemlə gələn insanların da sayı azalır. Artıq insanların özlərində də abad yerlərə qarşı sayğı var. Əvvəl abadlaşdırılan yerlərə insanlar laqeyid münasibət bəsləyirdilər. Lakin indi aparılan bir sıra təbliğat və marifləndirici tədbirlərdən sonra ictimai münasibət, ictimai nəzarət dəyişir. Parklar, həyətlər salındıqdan sonra tərəfimizdən sakinlərə tövsiyə olunur ki, həmin həyətə özləri də nəzarət eləsinlər, qorusunlar. Həmin ərazidə yaşayan sakinlərin özlərindən bir və ya iki nəfəri DOST Agentliyi vasitəsi ilə sosial işlərə cəlb edərək, ağaclara qulluq, ətrafının təmizliyinə nəzarəti onların özlərinə tapşırırıq”.

Pənah İmanov bildirib ki, heç bir çağırışa baxmayaraq, dövlət başçısının tapşırığı əsasında vətəndaşlara göstərdikləri xidməti dayandırmayacaqlar: "Biz bunu deputatlığa namizədlər üçün deyil, vətəndaş üçün edirik. Seçkinin abadlıq işlərinə heç bir aidiyyatı yoxdur. Seçki ilə bağlı biz yalnız qanunla üzərimizə düşən işləri icra edirik. Yəni seçici siyahılarının dəqiqləşdirilməsi, təbliğat-təşviqat işləri üçün yerlərin ayrılması və digər texniki məsələlərin həlli ilə bağlı öhdəmizə düşən vəzifələri yerinə yetiririk. Kim namizəddir, kim-kimlə hansı formada mübarizə aparır, bu, bizə aid olan məsələ deyil. Mən "Yeni Müsavat”a da müsahibə vermişəm, digər sayt və qəzetlərə də. İstənilən jurnalistin qaldırdığı məsələyə baxıb yerində araşdırırıq. Bu, bizim işimizdir. Naximov küçəsi 6 ünvanı ilə əlaqədar isə bildirirəm ki, təxminən iki ay öncə icra başçısı özü şəxsən həmin həyətdə olmuş, sakinlərlə görüşmüş və söz vermişdi ki, 2020-ci ilin əvvəlində onların həyətində abadlıq işlərinə başlanacaq. Təsadüf elə gətirdi ki, bu ərəfədə "Yeni Müsavat” qəzeti də bu barədə məsələ qaldırdı. Bir sözlə, biz öz işimizi görürük. Problemin qaldırılması isə müxtəlif ola bilər. O problemi özümüz də görə bilərik, vətəndaş müraciəti də ola bilər və yaxud da hər hansı KİV tərəfindən də təqdim oluna bilər. Məqsəd isə qaldırılmış problemin nəticə etibarilə həll olunmasına nail olmaqdır. Ona görə də bir daha bəyan edirik ki, cənab Prezidentin tapşırığı əsasında bu işlər bundan sonra da davam etdiriləcək, daha da genişləndiriləcək. Biz öz işimizi görürük, bütün namizədlərə isə uğurlar arzulayırıq”.