Tel-Əvivdə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi reallaşdırılıb
03 Fevral, 15:59   |    Baxış sayı: 865

Tel-Əvivdə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi reallaşdırılıb

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərindəki Rusiya Mədəniyyət Mərkəzində "Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi təqdim olunub.

Bu layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olub. Azərbaycan Gəncləri Günündə gerçəkləşdirilən və Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsinə həsr olunan tədbirə, həmçinin "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası təşkilati dəstək göstərib.

Layihədə məqsəd İsraildə yaşayan və fəaliyyət göstərən gənc soydaşlarımızda vətənpərvərlik hissinin yüksəldilməsi, dünya ictimaiyyətinin diqqətinin bir daha Azərbaycan həqiqətlərinə cəlb edilməsidir.

Tədbirin bədii hissəsində dünya və Azərbaycanın görkəmli bəstəkarlarının (Üzeyir Hacıbəyov, Qara Qarayev, Vasif Adıgözəlov, Firəngiz Əlizadə) əsərləri səsləndirilib. Əsərləri Azərbaycanın xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), gənc bəstəkar İlahə İsrafilova, İsraildə təhsil alan azərbaycanlı skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimli ifa ediblər.

Qeyd edək ki, layihənin rəhbəri gənc bəstəkar İlahə İsrafilovadır.